Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 05:30

Pakistan Qəzzaya qüvvə göndərəcəkmi


Asim Munir
Asim Munir

Pakistan ordusunun son onilliklərdə ən güclü rəhbəri yenicə əlində cəmlədiyi səlahiyyətləri fonunda ən sərt sınaqla üzləşib. Vaşinqton İslamabada Qəzzada sabitləşdirmə qüvvələrinə əsgər göndərməsi üçün təzyiq göstərir. Təhlilçilər isə bu addımın ölkədə kəskin reaksiya ilə üzləşəcəyini deyirlər.

Feldmarşal Asim Munir yaxın həftələrdə Vaşinqtonda prezident Donald Tramp ilə görüşməlidir. Bu onların son altı ayda üçüncü görüşü olacaq. "Reuters" iki mənbəyə istinadla yazır ki, görüşdə Qəzza qüvvələrinin diqqət mərkəzində olması gözlənilir.

Trampın 20-bəndlik Qəzza planında regionda yenidənqurma və iqtisadi bərpa üçün keçid dövrünə nəzarət edəcək sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bu qüvvələrin, əsasən, müsəlman ölkələrindən formalaşdırılacağı bildirilir.

Tramp onunla çörək kəsib

Bir çox ölkələr isə bu missiyanın Qəzzadakı HƏMAS silahlı qruplaşması ilə münaqişəyə sürüklənə biləcəyindən, özlərinin fələstinyönümlü, anti-İsrail əhalisini qəzəbləndirəcəyindən narahatdırlar. ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.

"Reuters" Munirin Vaşinqtonla İslamabad arasında illərin etimadsızlığını düzəltmək üçün Tramp ilə sıx əlaqə qurduğunu yazır. İyunda o, Ağ evdə nahara dəvət olunub, ABŞ prezidenti ilk dəfə Pakistanın ordu rəhbəri ilə mülki rəsmilər olmadan nahar edib.

"(Qəzza sabitləşdirmə qüvvələrinə) Qoşulmamaq Trampı qəzəbləndirə bilər. Bu isə Pakistan dövləti üçün kiçik məsələ deyil, onun xoş münasibətindən yararlanmağa, ABŞ-dən investisiya və təhlükəsizlik yardımı təmin etməyə çalışır", – Vaşinqtonda yerləşən Atlantik Şurasında Cənubi Asiya üzrə aparıcı əməkdaş Maykl Kuqelman deyir.

Kəraçidə İsrail əleyhinə aksiya zamanı etirazçılar İsrail bayrağını yandırırlar.
Kəraçidə İsrail əleyhinə aksiya zamanı etirazçılar İsrail bayrağını yandırırlar.

Ordunun gücü və daxili etirazlardan narahatlıq

Pakistan ordusunun gücü o deməkdir ki, "Munirə bu gücü göstərməsi üçün daha böyük təzyiq var", – bunu müdafiə məsələləri üzrə təhlilçi Ayeşa Siddiqa söyləyib.

"Reuters" Ağ evdən, Pakistan rəsmi orqanlarından suallarına cavab ala bilməyib.

Pakistanın xarici işlər naziri İshaq Dar isə ötən ay deyirdi ki, İslamabad sülhməramlılara qüvvə göndərməyi nəzərdə keçirə bilər, amma HƏMAS-ın tərksilahı "bizim işimiz deyil".

Munir bu ayın əvvəlindən hava qüvvələri və donanmaya da rəhbərlik edir, feldmarşal rütbəsi isə əbədidir. Kuqelman "cilovlanmayan" gücünün indi konstitusiyada da qorunduğunu deyir.

Son həftələr Munir, Türkiyə daxil, bir sıra ölkələrdə hərbi və mülki liderlərlə görüşüb. Siddiqa onun Qəzza ilə bağlı məsləhətləşmələr apardığını düşünür.

Ən böyük narahatlıq isə Pakistanda etirazların qızışması sarıdandır. Ölkənin islamçı partiyaları ABŞ və İsrailə qarşıdır. İslamçılar minlərlə insanı küçələrə çıxara bilərlər.

Qəzza sabitləşdirmə qüvvələrinə qoşula biləcək ölkələr sırasında Azərbaycanın da adı çəkilirdi. Amma rəsmi Bakı hələlik bununla bağlı qərar olmadığını bildirib. Çünki Bakı onu maraqlandıran və narahat edən məsələlərlə bağlı suallarına cavab almayıb.

2023-cü ilin oktyabrında Fələstinin radikal HƏMAS qruplaşması İsrailə hücumundan sonra Qəzzada müharibə başlayıb. İsrailə hücumda min 200 nəfər öldürülüb. İsrailin bundan sonra Qəzzada başlatdığı əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib. Bu ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə əldə olunan Qəzza razılaşmasına əsasən, HƏMAS əsir götürdüyü israilli girovlardan sağ qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil verməyə başlayıb.

Noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzzada sülhün qurulmasına dair qətnaməni təsdiqləyib. Bu sənədin əsas müddəaları ABŞ prezidenti Donald Trampın bu regionda sülh planına əsaslanır. Sənəddə bir neçə ərəb ölkəsinin hərbçilərindən ibarət Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (BSQ) yaradılması, ərazinin müvəqqəti idarə olunması üçün Trampın rəhbərliyi ilə Sülh Şurasının qurulması nəzərdə tutulur. Qətnamədə eləcə də bir neçə ilkin şərt yerinə yetirilərsə, Fələstin dövlətinin yaradılması ehtimalından da söz açılır.

XS
SM
MD
LG