Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 03:30

Avropa Komissiyası Gürcüstan diplomatları üçün vizasız rejimi ləğv edəcək


Aİ və Gürcüstan bayraqları
Aİ və Gürcüstan bayraqları

Avropa Komissiyası Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız səyahəti dayandıracaq. Dekabrın sonunda Avropa İttifaqının (Aİ) yeni qaydaları qüvvəyə minir. Demokratik hüquq və azadlıqlar möhkəmləndirilməsə, Gürcüstanın bütün əhalisi hədəf alına bilər.

Dekabrın 19-da Komissiya Aİ-yə üzv olmayan, vətəndaşları 180 gün ərzində 90 günədək vizasız səyahət edə bilən ölkələrlə bağlı illik hesabatını açıqlayıb. Qaydalar Aİ üzvlərinin əksəriyyətinə, eləcə də Aİ ilə assosiasiya olunmuş İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə girişə tətbiq ediləcək.

Gürcüstan vətəndaşları 2017-ci ildən bu imtiyazdan yararlanırlar.

Gürcüstanda hüquq pozuntuları

Komissiya bildirir ki, Tbilisi viza liberallaşdırılması dialoqu zamanı götürdüyü çoxsaylı öhdəlikləri pozub, ötənilki hesabatdakı tövsiyələri, birləşmək, toplaşmaq və ifadə azadlıqları daxil, təməl hüquqların qorunmasını həyata keçirməməkdə ittiham olunur.

Brüssel həmin hesabatda Gürcüstan hökumətinin "xarici təsirin şəffaflığı", "ailə dəyərləri və azyaşlıların müdafiəsi" ilə bağlı qanunvericiliyini də tənqid etmişdi.

Bununla əlaqədar olaraq, Komissiya 2025-ci il dekabrın 30-dan yenilənmiş Viza Dayandırma Mexanizmi çərçivəsində uyğun tədbirləri nəzərdən keçirəcək.

Keçən ay Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas deyib ki, "şərtlər kəskin dəyişməzsə, Gürcüstanı bu mərhələdə Aİ-yə real yolu qalmır".

Hesabatda Gürcüstan hökuməti siyasi müxalifətə təzyiqlərə, moskvayönümlü görünən siyasi dəyişikliyə görə tənqid olunur.

Bu payız təsdiqlənmiş yeni qaydalar Avropa Komissiyasına viza liberallaşdırılmasını insan haqları pozuntularına görə də dayandırmaq imkanı verir.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bloku şantajda ittiham edib.

Diplomatik mənbələrin AzadlıqRadiosuna dediyinə görə, Aİ üzvlərinin əksəriyyəti Gürcüstanda qərar verən şəxslər üçün vizasız rejimin ləğvini istərdi, adi vətəndaşlar üçün deyil.

Amma Komissiya bildirir ki, ikinci mərhələdə məhdudiyyət bütün gürcüstanlılar üçün qaldırıla bilər.

İndiyədək oxşar addım 2024-cü ilin sonunda Vanuatuya qarşı atılıb.

2024-cü ilin oktyabrında parlament seçkilərindən sonra Gürcüstanın Aİ ilə əlaqələri pisləşib. Hakim "Gürcü Arzusu" Aİ-yə üzvlük danışıqlarını dondurub, bloku Tbilisidə çevriliş planlamaqda ittiham edib.

XS
SM
MD
LG