Milli Məclisin dekabrın 19-da keçirilən iclasında bir gün əvvəl Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə müzakirəyə çıxarılıb.
Parlament bəyanat qəbul edib, onu deputat Şahin İsmayılov oxuyub.
Sənəddə bəyan edilir ki, Azərbaycan Milli Məclisi Avropa Parlamentinin qətnaməsini "şiddətlə qınayır" və qəti etirazını bildirir.
"Bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə müdaxilə üçün göstərilən növbəti cəhddir", - bəyanatda vurğulanır.
Müəlliflərə görə, Avropa Parlamenti insan hüquqları kimi önəmli mövzudan öz niyyətləri üçün istifadəyə davam edir.
Avropa Parlamenti Azərbaycanı siyasi məhbusları azad etməyə çağırır
Avropa Parlamenti Azərbaycanı bütün siyasi məhbusları azad etməyə çağırıb. Bu çağırış qurumun dekabrın 18-də qəbul etdiyi qətnamədə yer alıb.
Qətnamədə 2025-ci ilin əvvəlindən Azərbaycanda siyasi məhbus sayının 400 nəfərə yaxınlaşdığı vurğulanır. Onların arasında siyasi motivlərlə həbs olunmuş vətəndaş cəmiyyəti fəalları, müxalifət liderləri, jurnalistlər, alimlər və insan haqları müdafiəçiləri var.
Avropa Parlamentinin qətnaməsi gənc alimlər Bəhruz Səmədov və İqbal Əbilovun qurumun qanunsuz saydığı həbsi ilə bağlıdır. Onların məhkəməsinin qapalı keçirildiyi, beynəlxalq ədalətli məhkəmə standartlarının, təqsirsizlik prezumpsiyasının pozulduğu vurğulanır. Yeganə dəlil kimi gənc alimlərin erməni həmkarları ilə əlaqələri göstərilib. Bu həbslərdən öncə isə daha iki alim – Qubad İbadoğlu və Fazil Qasımov barəsində ədalətsiz və qanunsuz hökm çıxarıldığı bildirilir.
Səmədov dövlətə xəyanət ittihamı ilə 15 il, Əbilov isə bu və digər ittihamlarla 18 il həbsə məhkum edilib. Q.İbadoğlu hazırda polis nəzarətindədir. Onun həbsindən sonra saxlanmış iqtisadçı F.Qasımova isə mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama ittihamı ilə 9 il həbs cəzası kəsilib. Onların heç biri ittihamları qəbul etməyib.
Sənəddə müxalifətdə olan AXCP sədri Əli Kərimlinin bu il dekabrın 1-də dövlət çevrilişi ittihamı ilə həbs olunduğu göstərilir. Onun həbsi "ən qəti şəkildə" pislənilir və dərhal azad olunmasına çağırılır.
Avropa Parlamenti B.Səmədov, İ.Əbilov, Q.İbadoğlu daxil, bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə, jurnalistlərə, alimlərə, müxalifət təmsilçilərinə, insan haqları fəallarına, o cümlədən mühacirətdə olanlara qarşı repressiyalara son qoymağa çağırır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Avropa Azərbaycandan qaz alanda insan haqlarının durumuna baxmalıdırmı?
Sanksiya çağırışı
Qətnamədə insan haqları pozuntularına görə məsuliyyət daşıyan rəsmilərə qarşı sanksiyalar rejiminin nəzərdən keçirilməsinə çağırış yer alır.
Qurum ötənilki qətnaməsində Azərbaycan prezidentinin köməkçisi Fuad Ələsgərov, daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevə sanksiyalar qoymağa çağırmışdı.
Avropa Parlamenti Aİ ilə hər hansı tərəfdaşlıq sazişini insan haqları, hüququn aliliyi, Avropa dəyərlərinə hörmətlə bağlı real irəliləyişlə əlaqələndirməyin vacibliyini vurğulayır.
Hakimiyyət təmsilçiləri, bir qayda olaraq, ölkədə siyasi təqiblərlə bağlı ittihamları qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.
Azərbaycan Milli Məclisi Avropa Parlamentinin ötən ilin dekabrındakı qətnaməsini Azərbaycana qarşı xeyli müddətdir davam edən "iftira və böhtan" kampaniyasının tərkib hissəsi adlandırmışdı. Deputatlara görə, "qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad olunur, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirməyə cəhd göstərilir".